Bölgələrdə yay turizm mövsümü başlanıb

 

   Masallı rayonunun turizm obyektlərində və istirahət mərkəzlərində yay turizm mövsümü başlanıb.

   Rayonda mövcud olan 31 turizm obyektində gün ərzində 1300-ə yaxın turistin istirahəti üçün hər bir şərait yaradılıb. Ötən il Masallı rayonuna 17 mindən çox turist gəlib ki, onların da 700 nəfəri xarici ölkələrin vətəndaşları olub.

   Rayonun turizm obyektlərində və istirahət mərkəzlərində turistlərə üç istiqamət üzrə xidmətlər təklif olunur. Buraya rayonun təbiəti, gəzməli-görməli yerləri, zəngin flora və faunası, tarixi abidələri daxildir.

   Yay turizm mövsümünün başlanması ilə əlaqədar Qəbələ rayonundakı istirahət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərin qiyməti ucuzlaşıb. Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, istirahət mərkəzləri hotel xidmətlərinə 15-20 manatadək, restoran xidmətlərinə isə 10 faizədək endirim ediblər. Meşələrdə və çayların sahilində yerləşən istirahət guşələrində üçotaqlı kottecin bir günlük kirayə haqqı 90-100 manatdan 70-80 manata endirilib. Rayon mərkəzindəki hotellərdə isə iki nəfərlik otaqları indi bir günü 30 manata sifariş etmək olar.

   Beşulduzlu hotellər və istirahət mərkəzlərinin əksəriyyəti qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir. Qəbələdə turistlərin ən çox üz tutduğu yerlərdən biri olan “Qəbələnd” əyləncə mərkəzində də qiymətlərə endirimlər edilib.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 14 iyun.- S. 9.